Azərbaycanda ilk Qərb standartlı silah istehsalı: İsrailin “Ari Arms” şirkəti MSN-lə birgə AR-15 platformalı silahların yerli istehsalına başlayıb
Azərbaycan kiçik silahlar sahəsində strateji əhəmiyyətli bir mərhələyə qədəm qoyub. İsrailin “Ari Arms” şirkəti Müdafiə Sənayesi Nazirliyi ilə birgə müəssisə çərçivəsində ölkədə AR-15 platformalı avtomatların – OR-4 markalı silahların yerli istehsalına başlayıb.
Bu, Azərbaycanda Qərb standartlarına uyğun atıcı silah istehsalının ilk nümunəsidir.
Yerli istehsal olunan ilk avtomat ADEX beynəlxalq müdafiə sərgisi çərçivəsində Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim edilib. İsrailin “Globes” iqtisadi nəşrinin məlumatına görə, Müdafiə Sənayesi naziri Vüqar Mustafayev müəssisədə istehsal olunmuş M4 tipli avtomatın ilk prototipini dövlət başçısına və Müdafiə naziri Zakir Həsənova nümayiş etdirərək layihənin detalları və istehsal prosesi barədə məlumat verib.
Nəşrin yazdığına görə, istehsal Azərbaycan hökumətinə məxsus genişləndirilmiş müəssisədə həyata keçirilir və bu vaxta qədər həmin obyektdə yalnız “Kalaşnikov” tipli avtomatlar istehsal olunurdu. Layihə “Ari Arms”, Müdafiə Sənayesi Nazirliyi və “İqlim” Elmi-İstehsalat Müəssisəsinin birgə müəssisəsi formatında reallaşdırılır. İlkin müqavilə on minlərlə silahın istehsalını nəzərdə tutur və məbləği onlarla milyon dolları əhatə edir. İsrail şirkəti layihəyə texnologiya və nou-hau gətirir ki, Qərb istehsal standartları yerli müəssisədə tətbiq olunsun.
“Globes” vurğulayır ki, müqavilənin şərtlərindən biri məhz istehsalın tam şəkildə Azərbaycan ərazisində aparılması olub. Nəşrin yazdığına görə, Bakının məqsədi sadəcə xaricdən texnologiya və bilik əldə etmək deyil, məhz Qərbdən texnologiya transferinə nail olmaqdır. İsrailin iri müdafiə şirkətlərindən birinin rəhbər nümayəndəsi nəşrə bildirib ki, nazir Vüqar Mustafayev sərginin qala tədbirindən istifadə edərək aydın mesaj verib: “Azərbaycanda fəaliyyət göstərmək istəyən şirkətlər istehsalı ölkə daxilinə köçürməlidir”. “Onlar üçün iş qurmağın başqa yolu yoxdur”, – deyə mənbə əlavə edib.
Nəşrin məlumatına görə, birgə müəssisənin nəticələrindən razı qalacağı təqdirdə Azərbaycan müqaviləni genişləndirə bilər.
“Ari Arms” özü də beynəlxalq müdafiə bazarında yerli istehsal və xarici asılılığın minimuma endirilməsi trendinin güclənməsini qeyd edir. Şirkət bunun “hazır sistemlərdən kənarda gördüyü iş” olduğunu bildirir: hökumətlərlə tərəfdaşlıq edərək yerli istehsal imkanları və uzunmüddətli sənaye müstəqilliyi qurmaq. Şirkət artıq Filippin və Albaniya ilə də sövdələşmələr bağlayıb.
“Globes”in məlumatına görə, bağlanmaq ərəfəsində olan yeni müqavilələr də yerli istehsal komponenti ehtiva edə bilər.
“Avixay Stolero” və “Oren Ankonina”ya məxsus olan “Ari Arms” 20 ildən çoxdur ki, İsrail bazarında fəaliyyət göstərir və son il yarımda işçi sayını üç dəfə artıraraq təxminən 60 nəfərə çatdırıb, istehsal gücünü isə iki dəfədən çox yüksəldib. Şirkət keçən ilin mayında İsrail Müdafiə Ordusunun döyüş bölmələri üçün M4 avtomatları tenderində qalib gəlib, tender mübahisəli keçib. Şirkət qalib elan edildikdən bir ay sonra kənarlaşdırılsa da, yenidən iştirak edərək son nəticədə qalib olub. Hazırda “Ari Arms” tapança və snayper silahları istiqamətində də genişlənir və İsrail Müdafiə Nazirliyinin snayper silahları tenderinə qatılıb. Şirkət yaxın gələcəkdə birjaya çıxmağı planlaşdırmır.
“Globes” həmçinin qeyd edir ki, bu il ADEX sərgisində “Ari Arms”dan əlavə İsrailin “Aeronautics”, “Plasan”, “UVision”, “Bagira” ve “Bird” şirkətləri də təmsil olunub. Diqqət çəkən iştirakçılardan biri də MOSSAD-ın keçmiş rəhbəri, hazırda “Ondas” şirkətinin prezidenti və idarə heyətinin sədri Dedi Barneanın başçılıq etdiyi nümayəndə heyəti olub.
Nəşr xatırladır ki, bu bu Azərbaycana gələn ilk İsrail texnologiyası deyil: ölkə “Elbit”in “Hermes 900” pilotsuz uçuş aparatlarını, İsrail Aviasiya Sənayesinin “Barak MX” hava hücumundan müdafiə sistemlərini və “Rafael”in dünyada en çox tələb olunan taktiki raketlərindən sayılan “Spike” seriyasını əldə edib. Digər müştərilərdən fərqli olaraq, Azərbaycan bu sistemlərin hamısını son illərdə Ermənistana qarşı real döyüş şəraitində tətbiq edib.
Məqalədə Prezident İlham Əliyevin bir neçə gün əvvəl səsləndirdiyi “ABŞ və Çin dünyanın iki fövqəldövlətidir, üçüncüsü yoxdur” fikrinə də istinad edilir. Nəşr bunu Bakının qonşu Rusiyaya münasibətdə əvvəlki qavrayışının dəyişməsinin və ölkənin Qərb texnologiyasına yönəlmiş sənaye kursunun göstəricisi kimi dəyərləndirir.
Beləliklə, OR-4 layihəsi Azərbaycan müdafiə sənayesinin yalnız hazır silah idxalçısından texnologiya transferi və yerli istehsal tələb edən tərəfdaşa çevrilməsi istiqamətində növbəti addımdır.