ANA SƏHİFƏ

XƏBƏRLƏR

Fəaliyyət istiqamətlərimiz üzrə ən son yeniliklər və aktual xəbərlər

11 Oktyabr 2026, 18:00 Yeniliklər

Azərbaycanlı fiziklərin adı dünyanın ən nüfuzlu 2% alimi siyahısına düşüb

AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu PHŞ-in 4 əməkdaşı - Elçin Hüseynov, Nərmin İsmayılova, Təranə Nurubəyli və Mətləb Mirzəyev  Stenford Universiteti tərəfindən hazırlanan və dünyanın ən nüfuzlu 2% alimini əhatə edən beynəlxalq reytinq siyahısına daxil edilib. Qeyd edək ki, sözügedən reytinqə ölkəmiz üzrə fizika sahəsində 9 azərbaycanlı alim daxil olub və onlardan 4-ü Fizika İnstitutunun tədqiqatçılarıdır.

“Scopus” beynəlxalq elmi verilənlər bazası əsasında hazırlanan reytinqdə alimlərin elmi təsiri kompleks bibliometrik göstəricilər üzrə qiymətləndirilir. Bu meyarlara dərc olunmuş məqalələrə edilən ümumi istinadların sayı, Hirş indeksi, həmmüəllifliyi nəzərə alan hm-indeksi, müəlliflərin tədqiqat işlərindəki mövqeyi və ümumiləşdirilmiş istinad göstəricisi - c-score daxildir. Qiymətləndirmə həm alimlərin bütün elmi fəaliyyət dövrünü, həm də son bir il üzrə elmi məhsuldarlığını əhatə edib.

Bu nailiyyət, eyni zamanda, Azərbaycan fizika elminin qlobal miqyasda tanınması və nüfuzunun yüksəlməsi baxımından mühüm əhəmiyyət kəsb edib.