Amerika hərbi tarixinə düşən ilk azərbaycanlı qadın
Kəmalə Atakişiyeva ABŞ ordusunda xidmətə başlayan ilk azərbaycanlı qadın hərbçi kimi tarixə düşüb.
Kəmalə Atakişiyeva dünyanın ən nüfuzlu ali məktəblərindən olan Çinin Tsinghua Universitetində Dövlət İdarəçiliyi üzrə magistr dərəcəsi alıb və İKT üzrə peşəkar mütəxəssisdir. O, ABŞ ordusuna qəbul imtahanında 100 baldan 95-ni toplayaraq filmlərdə gördüyümüz ən ağır fiziki təlimləri geridə qoyub və hazırda ABŞ Hərbi Hava Qüvvələrinin helikopterlər bölməsində elektronika sistemlərinə nəzarət edir.
O, ABŞ ordusunda xidmət etməsi məsələsinə qərar verməsindən danışıb:
“Bir gün həyat yoldaşımla Amerikada ən perspektivli karyera sahələrini müzakirə edirdik. Müzakirələrin sonunda ikimiz də bu qənaətə gəldik ki, ABŞ ordusunda xidmət eləmək gələcək üçün böyük fürsətlər yaradır. Elə həmin günün səhəri ABŞ Müdafiə Departamentinin Vaşinqtondakı şöbəsinə sorğu göndərdim. Tələblərini öyrəndim və 2-3 aylıq hazırlıqdan sonra qəbul imtahanınında 100 baldan 95-ni topladım. Eyni zamanda fiziki və sağlıq testlərindən də uğurla keçdim.
Ən çətin günlərim bundan sonra başladı. Bilirsiniz ki, Amerika ordusu dünyanın ən güclü ordusudur. Bu orduda xidmət keçmək, xüsusilə ilk 6 ayda çox-çox çətindir. Mən hərbi-hava qüvvələrinin helikopterlər bölməsində xidmətə başladım. Mənim işim helikopterlərin elektronika sistemlərinə nəzarət olsa da xidmətin ilk ayında çox çətin sınaqlardan keçdim. Biz ilk təlimlərə başlayanda 42 nəfər idik. Amma sonra 29 nəfər qalmışdı. Qalan yoldaşlarımız fiziki və psixoloji çətinliklər səbəbindən xidməti buraxmalı oldu”.
Amerikalı komandirləri “Atakişiyeva” soyadını deməyə çətinlik çəkdiyi üçün ona soyadını “Kamala Atak” etməyi təklif etsələr də, o, azərbaycanlı olduğunu vurğulamaq üçün bu təklifdən qətiyyətlə imtina edib.

